17.07.2014

QƏDR GECƏSİNİN FƏZİLƏT VƏ ƏMƏLLƏRİ BARƏDƏ

Qədr Gecəsi
Rəvayətlərə görə bu, həmin ayın ya 18-dən 19-na, ya da 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə baş vermişdir. Həmin gecə “leylətul-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Qurani-kərimin "Qədr" surəsində buyurulur: “Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik. Bilirsənmi Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər işdən ötrü enər. O gecə dan yeri sökülənədək əmin-amanlıqdır." İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayin sultanı" da adlandırırlar. Bu gecələri qəflətdə qalmamaq çox mühümdür. Bu da ibadətlə olur. Bu gecə məsləhət görülən ibadətlər dua kitablarında bəyan olunub. Ramazan ayı ərzində mühüm məqamlardan biri də Qədr gecələridir. İslam mənbələrinə görə, Qurani-kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. Təfsirlərdə göstərilir ki, Quran Ramazan ayının Qədr gecəsində bütöv halda Lövhi-Məhfuzdan - Allahın dərgahında hifz olunan Lövhədən aşağı səmaya və oradan Cənab Cəbrail əleyhissəlam vasitəsilə Peyğəmbərimizə (s) 23 il müddətində hissə-hissə çatdırılmışdır. Bu səbəbdən, Qədr gecəsinin savabı min ayın savabından çoxdur. Qədr gecəsi Ramazanın son on gecəsindən biridir. Hədislərə görə, bu gecə Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 26-dan 27-nə keçən gecələrdən biridir. O gecə mələklər və Cənab Cəbrail həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər alıb yerə enər, əmrləri çatdırarlar. Qədr gecəsi bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır. Əhya gecəsi və Qədr gecəsi eyni mənalı məfhumlardır.

Həmin gecə sakitçilik, əmin-amanlıq olur. Həmçinin möminin qəlbi rahat olur. Uca Allah buyurur ki, o gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!

Həmin səhər günəş şüasız olaraq çıxır. Peyğəmbərimizin (s) səhabəsi olan Ubey İbn Kəb belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (s) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir... Onun əlaməti odur ki, həmin gün səhər günəş ağappaq şüasız çıxır.”

Üzümüzə sonsuz rəhmət qapılarını açan Allaha həmd olsun. Bu gecələri əhya saxlamaq lazımdır. Yəni qəflət yuxusundan oyaq halda keçirmək gərəkdir. Ramazan ayının gecələrindən birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23-cü gecələrindən biridir.

Qədr Gecəsinin Əməlləri
1. Qüsl etmək. Alimlər qeyd edir ki, bu qüslu günəş batan çağı alıb, onunla axşam namazının qılınması müstəhəbdir.
2. Əhya saxlamaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram".
3. Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir.
Yəni: "Ey Allahım,  bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm".
4. Qədr gecəsinin namazı. Bu gecənin namazı İki rükətdən ibarətdir. Hər rükətdə Həmd surəsindən sonra yeddi dəfə İxlas surəsini oxumaq və namazdan sonra səcdəyə gedib yetmiş dəfə: "Əstəğfirullahə və ətubu iləyh" demək lazımdır. İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allah onun ata-anasının günahlarını bağışlayar."
5. Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdan günahların bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: "Ey Allahım, sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam." Həzrət Peyğəmbər(s) buyurur: "Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər". (Yəni hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhnnəmə vasil olar.)
Quranı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm".
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
"Alllahummə inni əs'əlukə bi-kitabik'əl-munzəl. Və ma fihi, və fihi ismukəl-əkbər, və əsmaukəl-husna, və ma yuxafu və yurca, ən təc'ələni min utəqaikə minən-nar." Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink."
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə demək:
On dəfə "Bikə ya Allah" .
On dəfə "Bi-Muhammədin (s)" .
On dəfə "Bi-Əliyyin (ə)"
On dəfə "Bi-Fatimətə (s.ə)" .
On dəfə "Bil-Həsəni (ə)" .
On dəfə "Bil-Huseyni (ə)" .
On dəfə "Bi-Əliyyibnil-Huseyn" .
On dəfə "Bi-Muhəmməd ibni Əliyyin" .
On dəfə "Bi-Cəfər ibni Muhəmməd" .
On dəfə "Bi Musa ibni Cəfər" .
On dəfə "Bi-Əliyyibni Musa" .
On dəfə "Bi-Muhamməd ibni Əliyyin" .
On dəfə "Bi-Əliyyibni Muhəmməd" .
On dəfə "Bil-Həsən ibni Əliyyin" .
On dəfə "Bil-Huccəti".

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar  qurtadqıdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6- Bu gecənin bir əməli də İmam Əli (ə) İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.
7- Bu üç gecədə əhya tutmaq (bu gecələri yatmadan səhərləmək) də müstəhəbdir. Bir hədisi şərifdə belə keçər: "Qədr Gecəsini əhya tutan kimsənin günahlarını, Allah bağışlayar/hədiyyələr."
8- Hər üç gecədə də yüz rükət namaz qılmağın çox fəziləti var.(kimin boynunda qəza namazı varsa, 6-günlük qəza namazıda qıla bilər)
9-Cövşən-Kəbir duasını oxumaq
10-Peyğəmbər (s) və onun əhlibeytinə salavat göndərmək.
11- Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək. Bu əməlin mənasaı belədir: İnsan keçmişdə etdiyi günahlardan peşmanolub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir.Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəm".
QƏDR GECƏSİ HƏDİSLƏRDƏ
İslami rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunmuşdur. Onlardan bir neçəsini oxucuların nəzərinə çatdırmağı faydalı hesab edirik.

Burada qeyd etmək lazımdır ki, İslam peyğəmbərindən əvvəlki peyğəmbərlərin dövründə onlar üçün Qədr gecəsi təyin olunmamışdır.

İslam peyğəmbərinin dövründə Allah-Təala onun ümməti üçün bu mübarək gecəni təyin etdi.

Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrinə İsrail tayfasının uzunömürlü olmasından və onların 80 illik və daha artıq ibadətlərindən söhbət açdıqda onlar qibtə edərək dedilər: "İlahi! Nə olaydı, bizə də uzun ömr əta edəydin və biz də bütün ömrümüzü Sənə ibadət etməyə sərf edəydik!". Belə düşünərək səhabələr Bəni-İsrail tayfasına qibtə edirdilər. Allah-Təala Həzrət Peyğəmbərə (s) bu ayəni nazil etdi: "Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir)" ("Qədr", 3).

Yəni, böyük Allah Öz peyğəmbərinə demək istəyir ki, ey Mənim Peyğəmbərim, Mən sənin ümməti-nə uzun ömr verməmişəm. Lakin əvəzində onlar üçün gecələr arasında bir gecə təyin edirəm və adını da Qədr gecəsi qoyuram. Kim o gecəni ibadətlə məşğul olarsa, ona 1000 ayın ibadətinin savabından artıq savab verərəm.

Başqa bir hədisdə nəql olunur ki, İslam peyğəmbəri (s) Allaha münacat edərkən belə dedi: "İlahi! Sən məndən əvvəlki peyğəmbərlərin ümmətinə uzun ömür vermişdin, onlar da sənə bütün ömrü boyu ibadət edib çoxlu savab qazanıblar. Lakin mənim ümmətimə az ömür vermisən, onlar da Sənə təbii ki, o biri üm-mətlərdən az ibadət edib az savab qazanırlar." Beləcə, Peyğəmbər (s) bu kimi ifadələrlə çox münacat etdi. Allah-Təala Həzrət Peyğəmbərə (s) buyurdu: "Düzdür, sənin ümmətinə az ömür vermişəm, lakin sənə və sə-nin ümmətinə çox dəyərli bir gecə təyin etmişəm. Bu gecənin ibadəti 1000 ayın ibadətindən daha fəzilətli və daha üstündür".

Bu ayənin ardınca Allah-Təala buyurur: "O gecə (Qədr gecəsi) mələklər və Ruh (Cəbrail) Rəbbin iz-ni ilə yerə enərlər" (Qədr, 4). O gecə mələklər yer üzünə enib Allahın bu aləmdə insanlara və cinlərə təyin etdiyi imamı, canişini ziyarət edərlər. Ümumiyyətlə, bunu da qeyd etmək lazımdır ki, hər bir zamanın bir imamı vardır. Allah-təala hər bir zamanda peyğəmbərlər göndərmişdir. İslam peyğəmbərindən sonra da o həzrətin yolunu davam etdirən imamlar göndərmişdir. İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Museyi-Kazim (ə), İmam Rza (ə), İmam Muhəm-məd Təqi (ə), İmam Əli ən-Nəqi (ə), İmam Həsən Əskəri (ə) bir-birinin ardınca imamlıq edəndən sonra Al-lah-Təala İmam Zamanı (ə.c) qeyb pərdəsi altında saxladı. Hal-hazırda o həzrət yaşayır, lakin insanların gö-zündən qeybdədir. Allah-Təala istədiyi zaman o, zühur edəcək. Bu, Allah-Təalanın iradəsidir. Odur ki, hər zaman yer üzündə imam vardır.

Bir nəfər imam Baqirdən (ə) soruşdu: "Ey Allahın höccəti, Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunu bilirsənmi?". İmam Baqir (ə) buyurdu: "Əlbəttə, bilirəm. O gecə bütün mələklər yerə enə-rək bizi ziyarət edirlər".

Deməli, məlum olur ki, Yer üzü heç vaxt höccətsiz qalmayıb və qiyamət gününə qədər də höccətsiz olmayacaq. Və hər il Qədr gecəsi mələklər yer üzünə enib Allahın insanlar üçün təyin etdiyi imamı ziyarət edib onu salamlayırlar.

Hədislərdə nəql olunmuşdur ki, o gecə şeytan möminlərə yaxın düşə bilmir. Şeytan fasiq, azğın, pozğun adamlarla məşğuldur, lakin möminlər o gecəni çətinliklərə qatlaşıb ibadət edirlər. O gecə mələklər bir-birini salamlayırlar və imamı ziyarət edəndən sonra möminləri də salamlayırlar.

1 комментарий:

  1. Casino (Bettor Tops) | Dr.MD
    Casino (Bettor 파주 출장안마 Tops) is 청주 출장샵 one of the finest places 거제 출장안마 to gamble in Michigan. The casino 문경 출장샵 offers games ranging from slots and roulette 거제 출장마사지 to

    ОтветитьУдалить